haberimeser.tr.gg
  Mehri Agayeva
 




Mehri Ağayeva Yazar

Azərbaycanda Türkiyə konstitusiya məhkəməsinin ali məktəblərdə hicabin qadağan edilməsi haqda qərarina reaksiya

Azərbaycanda Türkiyə konstitusiya məhkəməsinin ali məktəblərdə hicabin qadağan edilməsi haqda qərarina reaksiya

Türkiyə Konstitusiya Məhkəməsinin ölkə parlamentinin ali məktəblərdə hicaba icazə verən qərarını ləğv edən hökmü Azərbaycanda maraqla qarşılanıb. Turan Agentliyi hüquq müdafiəçiləri və din sahəsində ekspertlər arasında bu məsələ ilə bağlı, o cümlədən, Azərbaycanda hicab məsələsi haqqında ekspress-sorğu keçirilib.


Xüsusən, "Cümə" dini icmasının lideri İlqar İbrahimoğlu bildirib ki, bu qərar hər mənada irticavi və hüquqa zidd səciyyəlidir: "Bunun qəbul edilməsi əslində türk toplumunu demokratiya və insan haqları statndartlarından tam surətdə təcrid etməkdir. Hicab - təməl insan haqlarına aid olan vicdan azadlığının tərkib hissəsidir. Burada dünyəviliyi bəhanə gətirmək heç bir yerə sığmır. Belə ki, Qərbdən daha çox bu məsələdə dünyəvi olmaq iddiası, əslində bir antidemokratik və irticavi mahiyyəti gizlətmək üçündür.

Türkiyənin demək olar ki, bütün əsas siyasi çevrələrinin, politoloqların, insan haqları müdafiəçilərinin yekdil rəyinə görə məhkəmə bu qərarı çıxartmaqla əslində öz səlahiyətlərini aşıb. Və bununla xalqın seçdiyi legitim qanunverici orqanın qərarını ləğv edərək, əslində antikonstitusiyon addım atıb. Bir müddət öncə Vətənimizdə də Təhsil qanununda baş örtüyünə belə bir məhdudiyətləri daxil etmək təşəbbüsləri olub. Lakin bu, nəticədə baş tutmayıb. Və bu gün təhsil müəssisələrində belə bir problem yoxdur. Amma bununla yanaşı, hal-hazırda Azerbaycanda 9 ilə yaxındır ki, şəxsiyət vəsiqələrində və pasportlarda baş örtüyünə belə bir qadağa var. Bu da biometrik sənədlərə keçməklə öz həllini tapmalıdır.


Teoloq Nəriman Qasımoğlu qeyd edib ki, Azərbaycan Konstitusiyasında ictimai yerlərdə, o cümlədən təhsil müəssisələrində hicabı qadağan edən heç bir məhdudiyyət yoxdur. Eyni zamanda, Nəriman

Qasımoğlu Türkiyə Konstitusiya Məhkəməsinin qərarını "düzgün" adlandırıb.


İlk baxışdan bu qərar insan hüquqlarına ziddir, amma əslində Türkiyə parlamentinin qərarı dünyəvi dövlət əsaslarına təhlükə yaradırdı. Teoloqun sözlərinə görə, dövlətçiliyin əsasları Konstitusiya ilə müəyyən olunur və bu mövzuda müzakirə aparmağa ehtiyac yoxdur.


Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus xatırladıb ki, Türkiyədə ictimai yerlərdə hicaba icazə verilməsi barədə məsələ 20-ci əsrin əvvəllərindən müzakirə olunur. Türkiyə Avropaya inteqrasiya edən dünyəvi dövlətdir. "Düşünmürəm ki, Türkiyənin Konstitusiya Məhkəməsinin qərarı insan haqlarının pozulması deməkdir. Axı Quranda göstərilməyib ki, başı bağlamaq zəruridir", - deyə Leyla Yunus bildirib.
Azərbaycana gəldikdə isə, dövlət müəssisələri özəllərdən fərqlənməlidir. "Dövlət müəssisələrində hicaba müəyyən qadağalar qoyulmalıdır. Başa düşürəm ki, bu, neqativ reaksiyaya səbəb olacaq, amma hesab edirəm ki, bu, insan hüquqlarının pozulması demək deyil", - deyə Yunus qeyd edib.


Hüquq müdafiəçisi Səidə Qocamanlı öz növbəsində hesab edir ki, hicab - hər bir insanın hüququdur. "Düşünürəm ki, bu məsələdə qadınların hüquqlarını nəzərə almaqla, ortaq həll tapmaq lazımdır. Bu, çox incə məsələdir və burada elastiklik lazımdır", - deyə hüquq müdafiəçisi bildirib.


Media Hüquqları İnstitutunun direktoru, hüquqşünas Rəqid Hacılı da qeyd edib ki, Azərbaycan Konstitusiyası ictimai yerlərdə hicabı qadağan etmir. Düzdür, ayrı-ayrı ali məktəb rektorlarının tələbələrə başı bağlı gəlməyi qadağan etdiyi hallar olub. Türkiyənin Konstitusiya Məhkəməsinin qərarına gəldikdə isə, bu, həmin ölkədə məhkəmə sisteminin müstəqilliyinin sübutudur. Əgər insan hüquqlarının pozulması nöqteyi-nəzərdən baxsaq, bu, yenə də, pozuntudur, deyə Hacılı qeyd edib.
 

 
  Bugün 15 ziyaretçi (114 klik) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol